Səbət
0
Ara toplam: 0.00 ₼

“Timka ilə bizim neftimiz” hekayəsinin peşəkar səhnələşdirilmiş oxunuşu keçirildi

20.11.2025

20 noyabr “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində “LIBRAFF”ın Park Akademiya filialında xüsusi və unudulmaz bir ədəbi görüş baş tutdu. Oxucular, mədəniyyət xadimləri və dəvətli qonaqlar Maqsud İbrahimbəyovun “Timka ilə bizim neftimiz” hekayəsinin peşəkar səhnələşdirilmiş oxunuşunda bir araya gəldilər.

Tədbirin əsas qonaqlarından biri — Azərbaycanın Əməkdar Artisti Firdovsi Atakişiyev — hekayəni canlı, emosional və obrazlı şəkildə təqdim edərək dinləyiciləri uşaqlığın saf dünyasına aparmağı bacardı.

Maqsud İbrahimbəyovun bu hekayəsi uşaqlığın kəşflərlə dolu dövrünü, böyüməyin gətirdiyi məsuliyyəti və dostluğun dəyərini özündə ehtiva edir. İki dostun təsadüfən dənizkənarı bağda “neft tapması” ilə başlayan sadə uşaq macərası Firdovsi Atakişiyevin ifadəli səsləndirilməsi və Tural Vaqifin rejissor yanaşması ilə daha da bədii məzmun qazandı. Oxunuş hekayənin ruhunu qoruyaraq onu həm nostalji, həm də düşündürücü bir səhnə performansına çevirdi. Hekayə "3alma" nəşriyyatı tərəfindən nəşr olunan “Uşaqlığın son gecəsi” kitabında yer alır.

Tədbirdə iştirak edən qonaqlar arasında sənət adamları, ədəbiyyatsevərlər, “LIBRAFF” tərəfdaşları, festival nümayəndələri və müxtəlif sahələrdən tanınmış simalar yer alırdı. Ustalıqla yaradılan emosional atmosfer auditoriyada xüsusi maraq oyatdı və hər kəsi uşaqlıq illərinə apardı.