Səbət
0
Ara toplam: 0.00 ₼

“SİMA Missiyası” kitabının təqdimatı keçirildi

19.12.2025

TEAS Press Nəşriyyat Evi və onun uşaq ədəbiyyatı brendi olan “3 alma”nın AZINTELEKOM və Azərbaycan Uşaq Fondu ilə əməkdaşlığı çərçivəsində hazırlanmış “SİMA Missiyası” kitabının təqdimatı keçirilib. İbtidai sinif şagirdlərinin rəqəmsal savadlılığını artırmaq, onlara internet təhlükəsizliyi və müasir texnologiyalardan düzgün istifadə vərdişlərini aşılamaq məqsədi daşıyan kitab Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai xadim Zəhra Bədəlbəyli və gənc yazıçı Səid Riyadın müəllifliyində ərsəyə gəlib. Üç hekayədən – “Tanışlıq”, “Gələcəyə səyahət” və “Ağalı kəndi”ndən ibarət nəşr uşaqlara rəqəmsal identifikasiya, texnologiyanın gələcəkdə rolu və Azərbaycanın ağıllı kənd konsepsiyası barədə sadə və maraqlı dildə məlumat verir.

Kitabın təqdimat mərasimində müxtəlif dövlət qurumlarının nümayəndələri, incəsənət xadimləri və internat məktəblərində təhsil alan uşaqlar iştirak ediblər. Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov texnologiyadan cəmiyyətə fayda verən bir alət kimi istifadə etməyin vacibliyini vurğulayıb. “3 alma” nəşriyyatının rəhbəri Arzu Cəfərova isə təşəbbüsə görə tərəfdaş qurumlara təşəkkür edərək bu kimi maarifləndirici layihələrin davamlı olacağına ümid etdiyini bildirib. Tədbir çərçivəsində “Zəfər” teatrının balaca aktyorlarının iştirakı ilə kitabın mövzusunu əks etdirən qısa səhnəcik nümayiş olunub.

Rəngarəng illüstrasiyalarla zənginləşdirilmiş və “TEAS Press” tərəfindən 1500 tirajla çap edilən kitab internat məktəblərinə, uşaq evlərinə və ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdlərinə pulsuz paylanacaq.