Səbət
0
Ara toplam: 0.00 ₼

“Arzulardakı mavi təyyarə” kitabının təqdimatı keçirildi

06.12.2025

 “TEAS Press” Nəşriyyat Evi tərəfindən Azərbaycan Hava Yollarının (AZAL) sifarişi ilə balaca sərnişinlər üçün rəngarəng və ilhamverici “Arzulardakı mavi təyyarə” (“Blue Plane Dreams”)  kitabı nəşr olunub. Kitabın nəşr olunması 7 dekabr – Beynəlxalq Mülki Aviasiya Gününə həsr edilib. Azərbaycan və ingilis dillərində çap edilən kitab AZAL-ın kiçik sərnişinlərinə uçuşlar zamanı hədiyyə olunacaq. Kitabın müəllifi uşaqların sevimli yazıçısı Mürşüd İsmayılzadədir. Hekayənin mərkəzində səkkiz  yaşlı Azər dayanır. Uzun illər AZAL-da pilot kimi çalışmış babası ona ad günündə xüsusi hədiyyə verir. Bu hədiyyə nəsilləri birləşdirən, peşəyə sevgini simvolizə edən və Azərin arzusuna doğru ilk addımına təkan verən təyyarə modelidir. TEAS Press nəşriyyatının “3 alma” brendi və AZAL-ın əməkdaşlığı nəticəsində ərsəyə gələn bu layihə uşaqlar arasında aviasiyaya marağı artırmaq, onları maarifləndirmək və gələcək nəsil üçün yeni imkanlar yaratmaq məqsədi daşıyan təşəbbüslərinin tərkib hissəsidir.