Səbət
0
Ara toplam: 0.00 ₼

V Uşaq Kitab Sərgisi minlərlə uşağı kitablarla bir araya gətirdi

18.05.2026

13–17 may tarixlərində keçirilən Uşaq Kitab Sərgisi kitabsevər uşaqlar, valideynlər və müəllimlər üçün yaddaqalan bir mədəniyyət və maarifləndirmə platformasına çevrildi. Sərgi çərçivəsində minlərlə kitab oxuculara təqdim olundu, xüsusi endirim kampaniyaları təşkil edildi və uşaqlar üçün rəngarəng proqramlar həyata keçirildi.

Sərgidə 3 Alma Nəşriyyatı geniş çeşidli uşaq ədəbiyyatı ilə iştirak edərək ziyarətçilərə müxtəlif yaş qrupları üçün maraqlı nəşrlər təqdim etdi. Tədbirin əsas məqsədi uşaqlarda mütaliə vərdişlərini təşviq etmək, onların kitaba marağını artırmaq və asudə vaxtlarını daha səmərəli keçirmələrinə töhfə vermək olub.

Beş gün davam edən sərgi çərçivəsində uşaqlar üçün müxtəlif tematik günlər təşkil edilib. “Peşələr günü”, “Ölkələr günü”, “Milli geyim günü” və “Nağıl qəhrəmanları günü” kimi xüsusi proqramlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Bu formatlar uşaqların həm əylənməsinə, həm də yeni biliklər əldə etməsinə imkan yaradıb.

Sərginin proqramına tanınmış müəlliflərin və ictimai simaların iştirakı ilə keçirilən təqdimat və imza mərasimləri də daxil olub. Aysel Ağayevanın “Fərqli dostumuz Əmir”, Aysel Zahidqızının “Doğma mahnılar”, “Aşıq Ələsgər” və “Sarıköynək”, Əziz Sultanın “Buqələmun zərbəsi”, Vüqar Hüseynovun “Mən. Lalə. Bir də Şerlok Holms”, Mürşüd İsmayılzadənin “Əjdaha qardaşlığı. Şuşanın dördüncü qapısı” və Əşrəf Ərənin “Ulduzsayan. Düz dünya” kitablarının təqdimat və imza mərasimləri oxucuların böyük marağına səbəb olub.

Bununla yanaşı, Nağılçı Şəbnəm Həsənəlizadə uşaqlar üçün xüsusi nağıl saatları təşkil edib. Yazıçılar Reyhan Yusifqızı və Aysel Şıxlı da oxucularla görüşərək kitablarını imzalayıblar. Sərginin diqqətçəkən tədbirlərindən biri isə futbolçu Qara Qarayevin oxucularla görüşü və “Qara Qarayev” kitabının imza mərasimi olub.

Uşaq Kitab Sərgisi boyunca təşkilatçılar uşaqların kitaba olan sevgisini artırmaq, onları yeni müəllif və əsərlərlə tanış etmək, həmçinin ailələrin birgə keyfiyyətli vaxt keçirməsinə şərait yaratmaq üçün müxtəlif fəaliyyətlər həyata keçiriblər.

Minlərlə ziyarətçinin qatıldığı sərgi bir daha göstərdi ki, kitab uşaqların inkişafında, yaradıcılıq potensialının formalaşmasında və dünyagörüşünün genişlənməsində mühüm rol oynayır. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və gələcəkdə də bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini nümayiş etdirib.