“QəbələFest” Beynəlxalq İncəsənət Festivalı çərçivəsində təşkil olunan Kitab Sərgisi 29 iyul–2 avqust tarixlərində oxucuları tanınmış yazıçı, şair, alim və müəlliflərlə bir araya gətirib. Sərgi günlərində müxtəlif ədəbi görüşlər, imza günləri, müəlliflərlə söhbətlər və sual-cavab sessiyaları təşkil olunub. Tədbirlər zamanı mütaliənin əhəmiyyəti, kitabın dünyagörüşün formalaşmasındakı rolu, ədəbiyyat, maarifçilik və müasir kitab mədəniyyəti ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparılıb.
29 iyul tarixində Xalq Yazıçısı Anar Rzayev və yazıçı, ssenarist, pedaqoq Reyhan Yusifqızı oxucularla görüşüb, imza günləri keçiriblər.
30 iyulda şair, yazıçı, ədəbiyyatşünas, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu, siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim, Azərbaycan Respublikasının sabiq xarici işlər naziri Həsən Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, həmçinin bloger və müəllif Aysel Ağayeva sərgi iştirakçıları ilə görüşüblər.
31 iyul tarixində redaktor, tərcüməçi, “3alma”nın nəşrlər üzrə meneceri və müəllifi Arzu Cəfərova, Azərbaycan Respublikasının sabiq xarici işlər naziri, tənqidçi, ədəbiyyatşünas, Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, eləcə də uşaq yazıçısı və intellektual verilişlərin redaktoru Mürşüd İsmayılzadə oxucularla bir araya gəliblər.
1 avqustda teleaparıcı və uşaq ədəbiyyatı layihələrinin müəllifi Aysel Zahidqızı, Azərbaycan Respublikasının Xalq Yazıçısı Çingiz Abdullayev, həmçinin çağdaş Azərbaycan ədəbiyyatının tanınmış müəllifi Dilşad Talıbova ilə görüşlər və imza günləri keçirilib.
2 avqust tarixində isə uşaq yazıçısı Yuliya Kərimova və detektiv yazıçısı, bestseller əsərlərin müəllifi Elxan Elatlı oxucuların qonağı olublar. Tədbir proqramında maarifləndirici mövzularla yanaşı, əyləncəli hissələr də yer alıb.