Səbət
Ara toplam: 0.00 ₼

Azərbaycan klassiklərinin varisləri ilə görüş keçirildi

13.12.2023

˝LIBRAFF˝ kitab mağazalarının ˝Park Akademiya˝ filialında ˝TEAS Press˝in uşaq bölməsi olan ˝3 alma˝nın təşkilatçılığı ilə ˝Varislərlə görüş˝ və ˝Bum-bum˝ kitabının təqdimatı baş tutdu. 

Açılış nitqi ilə sözə başlayan ˝3 alma˝ uşaq ədəbiyyatının baş redaktoru Arzu Cəfərova qonaqları salamladı və tədbirin əhəmiyyətini vurğuladı. Tədbirdə Azərbaycan xalqının maariflənməsində müstəsna xidmətləri olmuş klassik yazıçı və şairlərimizin nəslindən olan nüfuzlu insanlar, eyni zamanda bu klassiklərin əsərlərinin tədqiqatçıları, ˝3 alma˝nın müəllifləri iştirak edirdilər.

Tədbirdə ˝3 alma˝ tərəfindən ilk dəfə ayrıca kitab formasında nəşr olunan Vaqif Səmədoğlunun uşaqlar üçün yazdığı “Bum-bum” poeması da seriyanın ən yeni kitabı kimi təqdim olundu. Kitabın tərtibçisi Vəqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova və ön sözün müəllifi Aygün Bağırlı da tədbir iştirakçısı kimi kitab və görüş haqqında fikirlərini bildirdilər. 

Daha sonra tədbir iştirakçıları növbə ilə görüş haqqında təəssüratlarını və varisləri olduqları klassiklər haqqında səmimi xatirələrini bölüşdülər. Sonda xatirə fotosu çəkdirildi.

Abdulla Şaiqin mənzil muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə, biologiya üzrə fəlsəfə doktoru, dosent, Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirli,  Azərbaycan Mədəniyyət kanalının redaktoru, Teymur Elçinin nəvəsi Sunay Məmmədəliyeva, filologiya üzrə fəlsəfə doktoru, Tofiq Mahmudun qızı Yadigar Əsgərova, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru, Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyova, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktor müavini Leyla Quliyeva, “Ayna”, “Zerkalo” saytlarının məsul katibi, İsmayıl Şıxlının oğlu Fərrux Şıxlı, riyaziyyat üzrə fəlsəfə doktoru, yazıçı, İsmayıl Şıxlının gəlini Reyhan Yusifqızı, Əzizə Cəfərzadənin yeganə varisi və tədqiqatçısı Turan İbrahimov, filologiya üzrə fəlsəfə doktoru, dosent, uşaq ədəbiyyatı tədqiqatçısı Aygün Bağırlı, fəlsəfə doktoru, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova, Əliağa Bakirin nəvəsi Cavid Məmmədli, Azərbaycan yazıçısı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlil, Azərbaycan uşaq yazıçısı, şair, tərcüməçi, publisist Sevinc Nuruqızı, İTV-nin “Sabahın xeyir, Azərbaycan” verilişinin baş redaktoru, uşaq yazıçısı Mürşüd İsmayılzadə, ˝TEAS Press˝ Nəşriyyat evi və ˝LIBRAFF˝ kitab mağazalarının direktoru Nicat İbrahimov da tədbirdə iştirak edirdilər.

Azərbaycan ədəbiyyatını yüksək dəyərləndirən, Azərbaycan oxucusuna ən keyfiyyətli əsərləri təqdim etməyi qarşısına məqsəd qoymuş ˝TEAS Press˝ Nəşriyyat evi bu tədbiri keçirməklə varisləri bir-biri ilə tanış etməyi və bu görüşləri ənənə halına gətirməyi planlayır.

Belə bir tədbir ilk dəfə "TEAS Press"in təşəbbüsü ilə XVIII Bakı Beynəlxalq Kitab Sərgisində baş tutmuşdu. 

10 ildir fəaliyyət göstərən ˝TEAS Press˝ Nəşriyyat evi bu illər ərzində həm uşaqlar, həm də böyüklər üçün birlikdə 900-ə yaxın kitabı oxuculara təqdim edib. Bunların arasında ən dəyərli olanlar yerli ədəbiyyatdır. Xüsusilə də klassiklərimiz. Bu seriya hər bir Azərbaycanlının evinin bəzəyi olmalı, gənclər tərəfindən oxunmalıdır.