Biz Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılardan öz əsərlərini təqdim etmələrini gözləyirik. Həm yeni yazmağa başlayan, həm də təcrübəli müəlliflər, illüstratorlar, dizaynerlər, animatorlar və digər yaradıcı şəxslərlə işləmək istərdik.

Biz 18 yaşadək uşaqlar üçün kitablar çap edirik. Nəşr etdiyimiz çap məhsulları arasında valideyn və müəllimlər üçün nəzərdə tutulan kitablar da var. Aşağıdakı kateqoriyalar üzrə işləyib onları inkişaf etdirməyi planlaşdırırıq:

Bədii ədəbiyyat:

- Şəkilli kitablar - güclü qəhrəmanlar və yumor, 1000 və ya daha az söz, 32 səhifə.
- Yeni oxumağa başlayanlar üçün kitablar - qısa cümlələr, asan lüğət, 32 səhifə.
- Yeni oxumağa başlayanlar üçün bir neçə fəsildən ibarət kitablar - çox qısa fəsillər və asan lüğət. 3 və ya 5 fəsil. 44-48 səhifə.
- Bir neçə fəsildən ibarət kitablar - 7 yaşdan 10 yaşa kimi. 5000 sözdən 20000 sözə qədər. Kitabda insan və heyvan qəhrəmanları ola bilər.
- Orta səviyyəli oxucular üçün nəzərdə tutulmuş kitablar - 8-12 yaş arası. Əsərin qəhrəmanı 10-13 yaşlarında olmalıdır. 20000 sözdən 60000 sözə qədər.
-Yeniyetmə və gənclər üçün nəzərdə tutulmuş kitablar - 13-18 yaş arası. 55000-80000 söz. Açıq seksual məzmun, narkotik istifadəsi və ya ciddi zorakılıq səhnələri qadağandır.

Elmi-kütləvi ədəbiyyat:

- Konsepsiya kitabları - rəqəmlər, hərflər və ziddiyyətlər. Biz incəsənət və ya fotoqrafiya sahəsində yüksək səviyyəli yeni yanaşmalar axtarışındayıq.
- Məlumat kitabları - Azərbaycan məktəb kurrikulumuna uyğun fənlər. Lakin bu fənlərin tədrisi zamanı uşaqlarla dostcasına rəftar edilməlidir. Məktəbdənkənar oxu üçün. 5-18 yaş arası.

Peşəkar və tərbiyəvi kitablar:

- Valideynlərə uşaqların tərbiyəsi və uşaq sağlamlığı barədə məsləhət kitabları.
- Praktiki məsləhət və fəaliyyət təklif edən peşəkar kitablar.

Hörmətli müəlliflər, əsərlərinizi bizə təqdim edərkən layihə formasını doldurub əsərinizlə birlikdə onlayn formada submissions@3alma.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Həcmi 50 səhifədən az olan əsərləri Word və ya PDF formatında (maksimum ölçü 2mb) göndərə bilərsiniz. Daha böyük əsərlərin isə ilk iki fəslini və kitabın qısa məzmununu yuxarıdakı ünvana yollayın. İllüstrasiya və ya incəsənət işlərini göstərmək üçün materiallara keçidlər əlavə edin. Proqramlar, audiokitablar və digər ideyalarla bağlı bizə qısa təsvir yazın.