Səbət
Ara toplam: 0.00 ₼

Missiya

“3 alma” TEAS Press Nəşriyyat evinə məxsus əmtəə nişanıdır.

TEAS Press Nəşriyyat evi “3 alma” əmtəə nişanı ilə azyaşlı uşaqlar, yeniyetmə və gənclər, eləcə də müəllim və valideynlər üçün bədii və elmi-kütləvi kitablar nəşr edir.

Məqsədimiz uşaqları əyləndirmək, maarifləndirmək və mütaliəyə həvəsləndirməyə istiqamətlənmiş Azərbaycan dilində keyfiyyətli kitablar nəşr etməkdir. Bu məqsədə nail olmaq üçün seçdiyimiz strategiyanın iki istiqaməti var.

Birincisi, dünyanın ən yaxşı uşaq kitablarını - həm klassik, həm də yeni kitabları tərcümə edib nəşr etmək. Biz dünyanın dörd bir yanından olan və uşaqların tanıyıb sevdiyi yazıçı və illüstratorların əsərlərinin tərcümə hüquqlarını almışıq. Azərbaycan dilinə tərcümə etmək üçün bu günün tələblərinə cavab verən kitabları seçmişik. Əməkdaşlıq etdiyimiz nəşriyyatlar aşağıdakılardır:

“Hyperion Books” (ABŞ), “Capstone Books” (Böyük Britaniya), “Clavis Books” (Hollandiya), “Andersen Press” (Böyük Britaniya), “Barefoot Books” (Böyük Britaniya), “Amazon Publishing” (ABŞ), “Kids Can Press” (Kanada), “Pan Kitap” (Türkiyə), “Mavibulut Yayıncılık” (Türkiyə), “Çizmeli Kedi” (Türkiyə), “Penguin Young Readers Group” (ABŞ), “Amber Books” (Böyük Britaniya), “Gemser Publications” (İspaniya) və s.

Kitablarımız Azərbaycan dilində ilk dəfə nəşr olunur. Belə ki, bu kitablar təkcə oxucular üçün deyil, eyni zamanda ilk nəşrləri toplayan həvəskarlar üçün də dəyərlidir.

Bu kitablar ilk olaraq sizlərə təqdim etdiyimiz 1-ci kataloqumuzda öz əksini tapıb.

Tərcümə olunmuş kitabların təqdimatının ardınca biz ikinci istiqamətdə də öz işimizi davam etdiririk. İkinci istiqamət üzrə məqsədimiz Azərbaycanda və xaricdə yaşayan azərbaycanlı yazıçı və illüstratorları cəlb etməklə uşaqlarımız üçün beynəlxalq standartlara cavab verən bədii və elmi-kütləvi ədəbiyyat nümunələri nəşr etməkdir. Daha ətraflı::

Beynəlxalq təhsil müəssisələri və tədris metodları ilə yaxından tanış olmağımız biliyin dərinləşdirilməsinə yönəldilmiş resursları müəyyənləşdirmək imtiyazına malik olduğumuzun göstəricisidir. Nəşr etdiyimiz kitablar məktəb kitabxanalarının, eləcə də övladlarını ev oxusu ilə təmin etmək arzusunda olan valideynlərin sevincinə səbəb olacaq.

TEAS Press Nəşriyyat evinin əsası 2013-cü ildə Azərbaycanda, Bakı şəhərində qoyulmuşdur. Heyətimiz uşaq, yeniyetmə, gənclər, eləcə də müəllimlər və valideynlər üçün bədii və elmi ədəbiyyatın nəşri və tədrisi üzrə beynəlxalq təcrübəyə malik mütəxəssislərdən ibarətdir.