Klassik ədəbiyyatdan bizə məlum olan Artur Konan Doylun qəhramanı xəfiyyə Şerlok Holms ilk dəfə 33 yaşlarında təqdim olunur. Artur Konan Doyl Şerlok Holms haqqında 56 hekayə və 4 roman yazıb. Onun əsərlərini oxuyarkən biz Şerlokun uşaqlığı və gəncliyi haqqında heç nə bilmirdik.
 
Britaniyalı yazıçı və jurnalist Endryu Leyn Artur Konan Doylun bütün kitablarını oxuyub və tədqiq etdikdən sonra qərara gəlib ki, Şerlokun yeniyetməlik və gənclik dövrünü yazsın. Seriyanın ilk kitabı “Ölüm buludu” 2010-cu ildə çap olunub. Bu 8 kitabda Endryu Leyn sizə aşağıdakı sualların cavabını verir: 
 
1. Gəncliyində Şerlok necə imiş? 
2. O, harada və necə oxuyub?
3. Kimlərlə dostluq edib?
4. Fikir yürütməyi, boks oynamağı, qılınc oynatmağı, skripkada ifa etməyi necə və nə zaman öyrənib?
5. İlk dəfə hansı xaricə ölkəyə səfər edib? Ümumiyyətlə hansı ölkələrdə olub?
6. Nələrdən qorxub?
7. lk dəfə nə zaman aşiq olub?

Əgər Şerlokun ilk cinayəti necə təhqiq etdiyini və canini necə aşkar etdiyini bilmək istəyirsinizsə, seriyanın ilk kitabı “Ölüm buludu”nu oxumağı tövsiyə olunur. Həqiqətən də, detektiv əsərlər oxumağı sevən birisinizsə, birinci kitab özü sizi məcbur edəcək ki, 2-ci kitabı da oxuyasınız. Və belə-belə bir də görəcəksiniz ki, artıq seriyanı bitirmisiniz. 

Bu əsərlərdə ümumiyyətlə Endryu Leyn Şerlokun tədqiqatçısı kimi özünü sübut etməklə yanaşı, həm də çoxlu tarixi-coğrafi faktları araşdırıb, tibbi cəhətdən xeyirli olan həşəratlar və bitkilər haqqında məlumat verir. Məsələn “Qırmızı Zəli” kitabında zəlinin qanın laxtalanmasının qarşısını aldığını öyrənirik, “İlan sancması” əsərində hansı ilanların zəhərli və ya əksinə zəhərsiz olduğu barədə məlumat alır, nəsli kəsilmiş Yantszı timsahının necə oldugunu öyrənir, özünü gümüş suyu ilə müalicə etmə üsulundan xəbərdar oluruq. 

Seriyanın kitablarının əksəriyyətində hadisələr İngiltərədə cərəyan etsə də, “İlan sancması” Çində, “Qara buz” Rusiyada – Moskvada, “Alovlu qasırğa” – Şotlandiyada, “İti bıçaq” İrlandiyada, “Bir gecəyarısı” isə Misirdə cərəyan edir. Bu yerlərin adını çəkməkdə məqsədim odur ki, Şerlokun başına gələnləri, onun keçirdiyi həyəcanı, gərginliyi yaşamaqla yanaşı, onun məntiqi əsasında cinayətlərin üstünün necə açıldığını görməklə yanaşı, siz həm də həmin dövrdə bu ölkələrdəki ictimai-siyasi vəziyyətdən, mədəniyyətdən, insanların yaşayış tərzindən də xəbərdar olasınız. Hətta bir faktı da qeyd edim ki, o zaman Süveyş kanalının çəkilişinə qarşı olan Böyük Britaniya hökümətinin münasibəti, hazırlanan sabotajlar həqiqətən də kitabda təsvir olunduğu kimidir. Kanalın çəkilişi o dövr üçün çox geniş əks-səda doğurmuş mühəndislik xariqəsi idi. Amma təbii ki, burada yazıçının hadisələrə qatdığı bədiilik də kitabı daha da maraqlı edir.

Ümumiyyətlə, insanlar tarixi çox vaxt ədəbiyyatdan öyrənir. Tarixdə faktlar çox quru səslənir. Elə də təsiredici olmur. Amma ədəbiyyatda verilən bədiilik insana təsir edir və daha çox araşdırmağa sövq edir. Məsələn, “II dünya müharibəsində minlərlə insan həlak oldu” cümləsi tarixi faktdır. 
 
Bir də gəlin İsmayıl Şıxlının Cəbhə gündəliklərindən götürülmüş bədii təsvirə baxaq: Havalar düzəlib. Axşamlar çayın sahilində baş-başa verib mahnı oxuyuruq. Rusların necə də kədərli mahnıları varmış. Əslində biz mahnı oxumurduq, həlak olan yoldaşlarımızın yasını saxlayıb, elə bil ağı deyirdik.
 
Sizcə bu cümlələrin hansı daha təsirlidir və hansı müharibəyə qarşı daha çox nifrət oyadır? Ümid edirəm ki, bu sualın cavabı sizdə mütaliəyə marağı daha da gücləndirəcək.
 
Arzu Cəfərova