Səbət
Ara toplam: 0.00 ₼

Şərqin ilk təyyarəçisi haqda kitabın təqdimatı keçirilib

22.12.2018
Nərmin Mahmudovanın müəllifi olduğu "Leyla Məmmədbəyova-Şərqin ilk təyyarəçisi" kitabının təqdimatı keçirilib.

“LIBRAFF” kitab mağazasında Qafqazın, həmçinin bütün  Cənubi Avropanın və Ön Asiyanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyova haqqında yazılan "Leyla Məmmədbəyova - Şərqin ilk təyyarəçisi" kitabının təqdimatı olub.  

Tədbirdə görkəmli pilotun həyatını əks etdirən videorolik nümayiş etdirilib və onun həyatı haqqında bir çox maraqlı məqamlardan söz açılıb.

Təntənəli təqdimat mərasimində iştirak edən tanınmış qonaqlar - uşaq yazıçıları Zahid Xəlil, Reyhan Yusifqızı, Leyla Məmmədbəyovanın ailə üzvləri və oğlu Xanlar Məmməbəyov kitab haqqında şəxsi fikirlərini bildiriblər. 

Xanlar Məmmədbəyov Narmin Mahmudovaya anasının həyatına maraq göstərdiyi üçün xüsusi təşəkkürünü bildirib və bu kitabın ədəbi şedevr olduğunu qeyd edib. Həmçinin o, yeniyetmələr və gənclər arasında maarifləndirmə işinin çox vacib olduğunu xüsusi qeyd edib.


"Maarifləndirici təlimlər keçirmək və gənclərimizə vətənlərini layiqli işlər ilə izzətləndirən qəhrəmanlarımız haqqında məlumat vermək vacibdir.  Mövzu məlumdur, Leyla Məmmədbəyova kimi insanların nümunəsi ilə qəhrəmanları yetişdirib, ləyaqətli insanın necə hərəkət etməsi və yaşaması lazım olduğunu göstərməliyik". 

Tədbirdə Aviasiya Akademiyasının tələbələri, Aviasiya Muzeyinin nümayəndələri, 36 və 184 nömrəli məktəbin şagird və müəllimləri də iştirak edib. 

Sonda kitabın müəllifi və illüstratoru kitabları imzalayıb.