Səbət
Ara toplam: 0.00 ₼

Səhvən övladlığa verilən yetim qız haqqında roman- Fariz Bayramov yazır...

27.06.2018


Kanadalı yazıçı Lyusi Mod Montqomerinin "Qrin Qeyblz malikanəsinin qızı Anni" romanı balaca kürən, yetim qız Anni Şirli haqqında yazılan silsilənin ilk kitabıdır.
"3 alma"nın bu kitabı, hətta ardıyca silsilənin ikinci romanı "Avenyu qəsəbəsinin qızı Anni"ni tərcümə edərək nəşr etdiyini biləndə çox sevindim. Nəhayət, xoş təsadüf nəticəsində hər iki kitabı oxumaq fürsətim oldu.

Əsər elə axıcı və maraqlı başlayır ki, sonuna çatmaq üçün əlindən yerə qoymaq istəmirsən:

Kanadanın cənnət guşələrindən olan Şahzadə Eduard adasının Avonli qəsəbəsində yerləşən Qrin Qeyblz malikanəsində Marilla və Metyu adlı yaşlı bacı-qardaş yaşayır. Bir gün Metyu qərara gəlir ki, yetimxanadan övladlığa bir oğlan uşağı götürsün. Həm evə bir yenilik, şənlik gətirər, həm də fermadakı, həyətdəki işlərdə onlara kömək edər. Bu işdə onlara miss Spenser kömək edir.O danışıqlar aparıb, sənədləri hazırlayıb və malikanəyə xəbər göndərib: Metyu gəlsin, şəhərdə vağzaldan övladlıq uşağı götürüb aparsın.

Metyu hazırlaşır, geyinir-keçinir, arabasına minib yola düşür. Vağzaldasa onu qəribə sürpriz gözləyir... Oğlan uşağı yerinə 11 yaşlı arıq, sısqa, qırmızı saçları və burnunun üstündə çilləri olan, həddən ziyadə çox danışan və xəyalpərəst bir qız onu gözləyir.

Qızla salamlaşan kimi o necə üyüdüb-tökürsə, necə sevinclə onu gözlədiyini deyirsə, Metyu heç səhv düşdüyünü belə qıza deyə bilmir. Malikanəyə gedənədək yol boyu qızcığazın danışdıqları, qurduğu xəyallar, romantikası Metyunu sehrləyir.

Amma malikanədə onları soyuqqanlı Marilla gözləyir. Metyu əmindir ki, onsuz da qonşu qadınların hər gün "tanımadığın uşağı niyə övladlığa götürürsən?", "Allah bilir nə yuvanın quşudu"," böyüyəndə sizin verdiyiniz tərbiyəni unuda bilər","Hələ şükür ki, qız götürməmisən, oğlan yenə dərd yarı" kimi söhbətlərlə başını yediyi bacısı bu qızın övladlığa götürülməsinə razı olmayacaq... Əsl macəra da bundan sonra başlanır.

Romanın müsbət xüsusiyyəti, əlbəttə, axıcı təhkiyəsiylə bitmir. Əsərdə Anninin ən çox önə çəkilən tərəfi xəyal gücüdür. Bu sısqa, qırmızısaç, dil-dil ötən qızın Qrin Qeyblz malikanəsinə qədər olan həyat hekayəsini oxuduqdan sonra “Bəli, bu qədər iztiraba yalnız xəyal gücüylə qatlana bilərdi” qənaətinə gəlirsən. Anni yeniliyin simvoludur. Tez-tez romantik xəyallar quran balaca Anni hər gördüyü talaya, körpüyə, vadiyə, çaya, hətta insanlara özündən yeni, həm də romantik adlar verməyə çalışır. Qəsəbənin az qala hər küçəsi, hər guşəsi Anni gəldikdən sonra qoyduğu adlarla adlanmağa başlayır. Gördüyü gözəllikləri elə gözəl təsvir edir ki, çox sərt qadın olan, çox danışanları sevməyən Marilla belə, uzun-uzadı söhbətlərini doymadan dinləyir. Arzuları o qədər qanadlıdır ki, 35 yaşlı məni belə uşaqlığıma, uşaqlıq arzularıma aparmağı bacarır.

İlahi, nə qədər pozitiv enerji verir bu obraz insana. Necə yeniliyə, təmizliyə, təbiətə, gözəlliyə səsləyir. Ətrafına enerji saçır. Oxuduqca için fərəhlə dolur, qanadlanıb uçmaq istəyirsən. Bu qəsəbədə 70 yaşını haqlayan, ömrü boyu sərt qayda-qanunlarla yaşayan, ətrafındakıları bu qaydalarla tərbiyə etməyə çalışan Cezofina xalanı mum kimi yumşaltmağa qadir səmimiyyət kimdə var? Əlbəttə, Annidə: “Axşam sizin yatdığınız yatağa tullanmaq mənim fikrimdi missis Berri. İnanın mənə, bu Diananın heç vaxt ağlına gəlməzdi. Xahiş edirəm, Diananı əfv edin, musiqi dərslərinə icazə verin. Diananın qəlbi musiqi üçün yaranıb, missis Berri. Mən özümdən çox yaxşı bilirəm ki, bir adamın nəyisə arzulayıb əldə edə bilməməsi nə qədər ağırdır. Əgər hirslisinizsə, mənə qəzəblənin. Hələ körpəlikdən insanların mənə qəzəblənməsinə o qədər alışmışam ki... Buna görə də Dianadan daha dözümlüyəm”.

Kitabın yarısına çatmamış içimdə şiddətli arzu baş qaldırdı: “Nə olardı, ölkəmizdəki bütün 10 yaşdan yuxarı qızlara bu kitabı oxutdura biləydim”. Çünki əsəri bitirdiyim ərəfədə ölkəmizdə, əyalətlərdən birində elə Anni yaşlarında qız təcavüzə məruz qalmışdı. Ölkəmizdə tez-tez baş verən bu cür hallar, uşaqların, xüsusilə, qız uşaqlarının istismarı, azaldlıqlarının məhdudluğu, təhsil azadlıqlarının olmaması yadıma düşmüşdü. XX əsrin əvvəllərində yazılan bu silsilə romanlarda, uzaq əyalətdə yaşayan 17 yaşlı qızlar müəllim işləyir, cürbəcür ədəbiyyat dərnəkləri, xeyriyyə təşkilatları qurur, insanların təhsil almasına, qəsəbə ərazisinin abadlaşmasına çalışırlar. Qarşılarına çıxan çətinliklərdən necə çıxmağı öyrənirlər. Bizdəsə XXI əsrdə belə, bu özəlliklərə nadir halda rast gəlmək olar... Amma əminəm ki, ölkəmizdə heç də Anni və yoldaşlarından geri qalmayan uşaqlar kifayət qədərdir. Sadəcə onlara bu şəraiti yaratmaq, onlar üçün Marilla, Metyu olmaq lazımdır.

Bu kitab dilimizdə yeni əlifbayla çap edilməsəydi, çox güman qollarımı çirməyib çapına girişəcəkdim. Ancaq bu iş artıq görülüb, həm də Gülər Qasımovanın möhtəşəm tərcüməsində. Bu qədər çox obrazlı, xüsusi isim, cürbəcür meşə, tala, küçə, hətta cığır adlarıyla dolu əsəri axıcı, deyərdim ki, musiqili dillə tərcümə etmək ölkəmizdəki bu sahənin ciddi boşluğunda əsl mütərcimlik abidəsi kimi görünür. İnanmırsız, şişirtdiyimi düşünürsünüzsə, oxuyun, şahid olun.

Bu yazını oxuyan bütün valideynlərə və valideyn olmağa hazırlaşanlara səslənirəm: Bu kitabı alın, mütləq özünüz də oxuyun, övladlarınıza, xüsusilə, qızlarınıza oxudun. Əmin olun, Anninin xəyal gücündən az da olsa əxz edə bilsələr, gələcəkləri üçün qığılcım olacaq.