Səbət
Ara toplam: 0.00 ₼

İsmayıl Şıxlının “Məni itirməyin” kitabı ailə üzvlərinə təqdim olundu

21.06.2018

Bu günlərdə "3 alma" xalq yazıçısı İsmayıl Şıxlının əfsanə və rəvayətlərinin, hekayələrinin, cəbhə xatirələrinin yer aldığı "Məni itirməyin" adlı kitabını yeni tərtibatla nəşr edib. Yazıçının gördüyü, eşitdiyi və nə vaxtsa şahidi olduğu hadisələrin toplusundan ibarət kitabın adı da hekayədən götürülüb.


Məktəblilər üçün tərtib olunmuş "Məni itirməyin" kitabı İsmayıl Şıxlının ailə üzvlərinə təqdim olunub. Yazıçının övladları Elçin Şıxlı, Fərrux Şıxlı, gəlini Reyhan Yusifqızı və ailə üzvlərindən olan İlahə Şıxlinskaya kitabla daha yaxından tanış olaraq fikirlərini bölüşüblər. Maraqlı müzakirədən sonra qonaqlar nəşriyyatın çap etdiyi digər kitablarla da tanış olublar. Atası ilə bağlı xatirələri yada salan tanınmış publisist Elçin Şıxlı kitabların keyfiyyətindən xeyli məmnun qaldığını və ümumilikdə "Azərbaycan klassikləri" seriyasına daxil olan kitablara böyük ehtiyac olduğunu vurğulayıb.


"3 alma" əmtəə nişanı ilə azyaşlı uşaqlar, yeniyetmə və gənclər, eləcə də müəllim və valideynlər üçün elmi-kütləvi kitablar nəşr olunur. Nəşriyyatın ədəbi irsimizi uşaqlara tanıtmaq məqsədilə hazırladığı "Azərbaycan klassikləri" seriyasına Nizami Gəncəvinin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Abdulla Şaiqin, Abbas Səhhətin, Əbdürrəhim bəy Haqverdiyevin, Rəşid bəy Əfəndizadənin, Xanımana Əlibəylinin, Teymur Elçinin və s. görkəmli ədiblərin kitabları daxildir.