Səbət
Ara toplam: 0.00 ₼

İlkin kəşflər

17.05.2017

"3 alma" uşaq nəşriyyatı "Azyaşlı tədqiqatçılar" seriyasını çap edir. Həm illüstrasiyalar, həm də dizayn baxımından beynəlxalq uşaq ədəbiyyatı standartlarına cavab verən bu seriyada oxucular həm əylənəcək, həm də öyrənəcəklər. Seriyanın "Bir gün kənddə" və "Bir gün dənizdə" adlı hər iki kitabında qatlanan hissələrdə ikitərəfli rəngli illüstrasiyalar var. Məhz belə dizayn, qatlanan səhifələr, burada yeni məlumatların verilməsi uşaqların marağına səbəb olur. Bu kitab kənd həyatının sehrli və maraqlı aləminə səyahət kimidir. Günəş, kəpənəklər, ferma heyvanları, toyuq-cücələr, dovşanlar ¬- bütün bunlarsız kənd həyatını təsəvvür etmək olmaz. Fermer heyvanları yemləyir, bitkilərə su verir, yetişən məhsula sevinir. Kənd təsərrüfatında böyük rol oynayan arılar da fermanın bir parçasıdır. Heç vaxt sahibini tək buraxmayan sadiq it də həmişə fermerin yanındadır.


"Bir gün dənizdə" kitabı ilə uşaqlar dənizi yenidən və daha yaxından tanıyırlar! Heç şübhəsiz, bütün uşaqlar çimərliyə getməyi xoşlayır. Çünki dəniz yeni kəşflər və oyunlar üçün əla yerdir. Bu kitabı oxuduqca uşaqlar dəniz ailəminin sirli və möcüzəli dünyasına səyahət edir, çimərlikdə oyunlar oynayır, çoxlu xərçənglər və maraqlı balıqlar görürlər. Kitabda ayrı-ayrılıqda xərçənglər, müxtəlif balıq növləri, pinqvinlər, suitilər, oktapod və.s haqqında maraqlı məlumatlar var. Uşaqlar dəniz ailəmi haqda qısa, həm də vacib biliklərə sahib ola bilirlər. Bu kitab sayəsində çoxlu sayda dəniz heyvanlarının olduğunu, onların müxtəlif yaşayış tərzinə, qidalanma və tənəffüs xüsusiyyətlərinə malik olduğunu öyrənmək mümkündür. Nəhəng balinalar öz fərqlilikləri ilə həmişə uşaqların marağını cəlb edib, odur ki, kitabda balinalar haqqında da maraqlı məlumatlar var. Dənizlər isti, soyuq və dərin olur. Soyuq dənizlərdə yaşayan pinqivinlər və suitiləri də çox maraqlı canlılardır. Bu soyuğadavamlı sakinlər buzların üstündə yaşayır. Onlar da uşaqların öyrənmək, tanımaq istədiyi maraqlı heyvanlardır. Amma balıqları tanımaq həm də ona görə lazımdır ki, onların arasında bəzilərinin qorxunc dişləri və böyük ağızları olur, insanlar üçün təhlükə yaradır.

Süsən Hüseynova