Səbət
Ara toplam: 0.00 ₼

Qurbağa balasının ad günü arzusu

30.08.2016

İl ərzində böyük təmtəraqla qeyd etdiyimiz iki əsas bayramımızın olduğu danılmaz faktdır. Fikrimcə bunlar Yeni il və Novruz bayramıdır ... Yeni il dedikdə ağıla ilk gələn rənbərəng işıqlarla və oyuncaqlarla bəzədilmiş şam ağacı olduğu kimi, novruz bayramında da seçimimiz daha bir yaşıllıqdan - səmənidən yana olub və hər axır çərşənbədən hətta bir neçə həftə əvvəldən səmənilər masamızda yerini alır. Bildiyiniz kimi bayramlardan əlavə ildə bir dəfə qeyd etdiyimiz, hər kəsin özünəməxsus özəl günü var. Ad günlərimiz... Bəs ad günü dedikdə ağlınıza ilk nə gəlir? Düşünün. Birazca fikirləşməyə çalışın. Əminəm ki, suala uyğun aglınızda bir neçə cavab formalaşdı. Məsələn: ən yaxın dostlar, hədiyyələr, çoxlu sayda qonaqlar, şarlar, böyük diqqətlə bəzədilmiş masa.... Saydıqlarım içərisində sizcə unutduğum nəsə oldumu? Hər bir şeyi yazdığımı düşünürəm, amma əmin də deyiləm. Bəli, bəli əsas məsələni unutmuşam. Üzəri rəngbərəng şamlarla bəzədilmiş iri bir tort... Niyə görə əvvəlcə bayramlardan, daha sonra isə ad günlərindən danışdığım sizlərə də maraqlı ola bilər. Səbəbsiz heç nə olmadığı kimi bu da səbəbsiz deyil. Çünki bu yazımla mən sizlərə "Qurbağa balasının ad günü arzusu" adlı kitabımız haqqında danışmaq istəyirəm. Adı, rəngi və şəkilləri ilə diqqət çəkən bu kitabı əlimə aldığımda hekayə mənə o qədər maraqlı gəldi ki, dərhal kitabı vərəqləməyə başladım. "Bir göz atım görüm Froginin arzusu nədir?" - deyə düşündüm. Bu arada, Frogi hekayənin baş qəhrəmanının adı imiş. Baxım deyə əlimə aldığım kitabın bir də gördüm ki, artıq arxa üz qabığını bağlayıram. Sən demə, fərqində olmadan hekayəni sona qədər oxumuşam. Oxuduqdan sonra təbii ki, onun arzusunun nə olduğunu öyrəndim. Arzu, amma nə arzu...

Sizlərə də deyimmi? Çox istərdim, amma deməyəcəyəm. Sadəcə o qədərini deyə bilərəm ki, oxuyarkən əyləndim və özümdən asılı olmayaraq üzümdə təbəssüm yarandı. İstər gündəlik həyatda, istərsə də əsərlərlə insanı bir güldürmək, bir də ağlatmaq çox çətin işdir. Hətta onu deyə bilərəm ki, bunun üçün xüsusi bacarıq tələb olunur. Yoxsa boş-boş danışmağa nə varki.... Oxuduğunuz kitab üzünüzü güldürə və ya hisslərinizə toxunub sizi hüznləndirə bilirsə bu yazıçının olduqca yaxşı yazmasına işarədir. Odur ki, hər hansısa bir kitabı əlinizə aldığınızda üz qabığına aldanmayın. Çünki əsas olan üz qabığı deyil, içərisində yazılanlardır. Bunu hər zaman nəzərinizdə saxlayın.

Hər yazımın sonunda qeyd etdiyim bir məsələyə bu yazımda da toxunmaq istəyirəm. Həmişə dediyim kimi bir daha diqqətinizə çatdırım ki, bu kitabımız da işlərimizdə son deyil. Əmin olun ki, TEAS Press Nəşriyyat evi yeni-yeni nəşrləri ilə sizləri hələ çox sevindirəcək. Uzun sözün qısası, biz bitdi demədiyimiz müddətcə heç nə bitməz. Nəşr edib sizlərə təqdim etdiyimiz hər kitab sözügedən kitab üçün son, başqa bir çox kitablarımız üçün isə yeni bir başlanğıcdır. Əziz oxucularımız, kitablarımızı oxuyarkən sizlərə xoş zaman keçirməyinizi arzu edirəm.

Ayan Sadıqova