Səbət
Ara toplam: 0.00 ₼

“At terapiyası” layihəsi

28.07.2016

Facebook səhifəmizdə əvvəlcədən məlumat verdiyimiz kimi "Baku Golden Horse Therapeutic and Educational Centre" adlı layihə çərçivəsində autist uşaqların reabilitasiyasına kömək məqsədilə təşkil olunmuş xeyriyyə aksiyasına "3alma" da öz kiçik töhfəsini verəcəyinə dair söz vermişdi!

At terapiyası, elmi adı ilə desək, ippoterapiya müasir dövrdə bir çox xəstəliklərin müalicəsində istifadə olunan effektiv üsullardan biridir. Hiperaktiv diqqət çatışmazlığı, autizm, serebral iflic, inkişaf pozğunluqları, daun sindromu, eşitmə və görmə çatışmazlıqları, nitq pozğunluqları, onurğa sütunu zədələnmələri kimi problemlərdən əziyyət çəkən uşaq və gənclərin müalicə və reabilitasiyasında ippoterapiyanın əhəmiyyəti böyükdür.

 
Dünyada at terapiyası geniş yayılıb. Azərbaycanda isə bu prosesə ötən ayın əvvəllərində başlanıb. Məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin reabilitasiyası və asudə vaxtının səmərəli təşkilidir. Layihə həm də dünyada qızılı rəngləri ilə seçilən Qarabağ cins atlarının təbliğini nəzərdə tutur.

 

Qeyd olunan layihənin həyata keçirilməsində Sərxan Tağıyev əsas rol oynayır və bu işə bir sıra könüllülər də cəlb olunub. Bu könüllülər mərkəzə reabilitasiya məqsədilə gələn autist uşaqların ata minməsinə yardım edir, oradakı atları təmizləmək, daramaq, yemləməklə onlara qayğı göstərirlər. Xəstə uşaqlarla yanaşı, könüllülər özləri də əslində bir növ terapiya keçirlər. Belə ki, atlarla, xüsusilə də Qarabağ atları ilə yaxından ünsiyyətdə olur, onları minir, bir anlıq da olsa, gündəlik qayğı və stressdən uzaqlaşırlar. Bu xeyirxah işdə könüllüləri dəstəkləmək məqsədilə TEAS Press Nəşriyyat evi "3 alma" əmtəə nişanı ilə nəşr etdiyi "Qara Köhlən" əsərini fəallara hədiyyə verməyi qərara aldı.

 

İngilis yazıçısı Anna Syuelin 1877-ci ildə qələmə aldığı "Qara Köhlən" ("Black Beauty") əsəri heyvanlar haqqında 19-cu əsrdə yazılmış ən məşhur əsərdir. 50 milyon nüsxədən çox satılmış bu kitab dünya bestselleridir. Bir sahibdən digərinə satılan atın dilindən yazılmış hekayə insan mərhəməti və qəddarlığından bəhs edir. Kitab bütün yaşda olan heyvansevərlər üçün nəzərdə tutulmuşdur.

Düşündük ki, bu kitabı oxuyan könüllülərin atlara olan sevgisi daha da artacaq, bu heyvanları daha yaxından tanıyacaq və anlayacaqlar. Onlar da öz növbəsində yardım etdikləri uşaqların müalicəsində səmərəli şəkildə iştirak edəcəklər!

 

Bu günlərdə "3 alma"nın əməkdaşları Arzu Cəfərova, Aysel Zahidqızı və Eldar Fərzəliyev mərkəzə baş çəkmiş və söz verdiyi hədiyyələri könüllülərə təqdim etmişlər.

Biz bu işin təşkilatçılarına və iştirakçılarına böyük təşəkkürümüzü bildirir və xeyir əməllərində onlara uğurlar diləyirik! ƏHSƏN!