Səbət
Ara toplam: 0.00 ₼

Mənim azərbaycanca-ingiliscə ilk cümlələr lüğətim

12.05.2016

Yadıma gəlir hələ uşaq ikən Banu adlı bir türk qızla tanış olmuşdum. Çox keçməmişdi ki, münasibətimiz çox gözəl dostluğa çevrilmişdi. Zamanla, onu tanıdıqca məşğuliyyətlərinin nələr olduğunu öyrənməyə başlamışdım. Hələ 7 və ya 8 yaşı vardı ya yoxdu, amma o yaşda Banu, öz ana dilindən əlavə 5 dil daha öyrənirdi. Bunu eşidəndə çox təəccüblənmişdim. Anama ilk sualım "Ana, Banu o qədər dili eyni zamanda öyrənir. Bəs danışarkən dilləri qarışdırmırmı?" - deyə olmuşdu. Cavabında isə anam "Xeyr, qızım. Çünki məsuliyyətli və planlı şəkildə çalışır, tapşırıqlarını zamanında yerinə yetirir, xarici dildə çoxlu sözlər öyrənir, ən əsası isə öyrəndiklərindən gündəlik danışıqda istifadə edərək təkmilləşdirməyə çalışır."

O gün bu gündür xarici dil öyrənmək ən çox sevdiyim məşğuliyyətimə çevrildi. Hansısa bir dildə gözəl danışmaq istəyir və bunun üçün həmin dilin qrammatikasını öyrənməyə daha çox üstünlük verirsinizsə nəzərinizə çatdırım ki, ən birinci səhvi burada edirsiniz. Xarici dil öyrənərkən dilin qrammatikasını bilmək lazımlıdır, lakin hər şey bununla bitmir. Əsas vacib şərtlərdən biri isə söz ehtiyyatını zənginləşdirmək və bacardıqca öyrəndiyin sözlərdən gündəlik danışıq dilində istifadə etməkdir. Beləliklə, qarşına qoyduğun məqsədinə çatmaq daha asan olacaq .

Bu gün Azərbaycanda öz ana dilimizlə yanaşı ingilis dili də ən çox istifadə olunan dillərdən birinə çevrilib. Övladı xarici dilə yiyələnsin deyə demək olar ki, bir çox valideynlər orta məktəblə yanaşı uşaqlarını dil kurslarına da göndərirlər. Çünki gələcəkdə övladını savadlı, tərbiyəli, mümkün qədər çox dil bilən və gözəl bir işə sahib şəxs kimi görmək hər bir valideynin arzusudur .

 

Övlad sahibi valideynlərin bu arzusunu nəzərə alaraq uşaqlarınız hələ kiçik yaşlarından xarici dil öyrənə bilsin deyə Teas Press Nəşriyyat evi olaraq araşdırdıq və övladınız üçün faydalı ola biləcək "Mənim azərbaycanca-ingiliscə ilk cümlələr lüğətim " adlı kitabı orijinal variantına əsaslanaraq Azərbaycan dilinə tərcümə etdik. İlk dəfə 2009-cu ildə İspaniyanın " Gemser Publications" nəşriyyatı tərəfindən " Mi Primer Diccionario de Frases Castellano/Inglés " adı ilə nəşr olunan kitab uşaqların həm Azərbaycan, həm ingilis dilində oxuma və yazmasına, həm də söz ehtiyatının zənginləşməsinə xidmət edən dəyərli metodik vəsaitdir. Sonda azərbaycanca-ingiliscə və əksinə ingiliscə-azərbaycanca söz lüğətinin olduğu və 5 yaşından yuxarı uşaqlar, eyni zamanda dili yeni öyrənməyə başlayanlar üçün nəzərdə tutulan kitab vasitəsilə siz söz ehtiyatınızı genişləndirə, ingilis dilini Azərbaycan dili ilə müqayisəli şəkildə öyrənə və cümlə qurmaq qabiliyyətinizi yaxşılaşdıra bilərsiniz .