Səbət
Ara toplam: 0.00 ₼

Qayıqda üç kişi …. (iti saymasaq)

15.04.2016

Hər insanın həyatında olmazsa olmazları vardır. Məsələn: gülmək, əylənmək, gəzmək, macəra izinə düşmək, tək bir kəlimə ilə buna xoşbəxtlik də deyə bilərik. İnsanlar arasında araşdırma aparacaq olsaq və "Ən çox nəyə ehtiyacınız var?" - deyə soruşsaq şübhəsiz bir çox şəxs "ürəkdən, doyunca gülməyə" deyəcək. Xoşbəxt insan azdır həyatda. Ətrafınızda gördüyünüz insanların bir çoxu isə xoşbəxt görünən insanlardır. Kimi insan sevərkən, kimi insan dostları ilə görüşüb gəzərkən, kimisi ailəsi ilə vaxt keçirərkən və ya maraqlı bir filmə baxarkən, bəzi insanlar isə kitab oxuyarkən xoşbəxt olur. Şübhəsiz ki, hər insanın zövqü, istəyi müxtəlifdir. Əgər bu sadaladıqlarım içərisində kitab oxuyarkən özünü xoşbəxt hiss edən varsa, o zaman sizə ingilis dramaturqu və ingilis ədəbiyyatında komediya janrının ən gözəl nümünələrinin müəllifi Cerom K.Ceromun "Qayıqda üç kişi (iti saymasaq)" əsərini məsləhət görürəm.

Qayıqda üç kişi dedikdə insanın ağlına gələn ilk şey qayıqla gəzintidir. Bəli doğrudur, lakin müəllif yalnızca gəzintidən bəhs etməklə kifayətlənməyərək eyni zamanda əsərində "zarafat dolu inadkarlıq", "dostluq" anlayışlarının müxtəlif aspektlərdən təsvirinə də geniş yer vermişdir. Komediya janrında və incə yumor hissi ilə yazılmış əsər məzəliliyi ilə yanaşı eyni zamanda özündə dəyişməz və sarsılmaz həqiqət daşıması ilə də seçilir. Kitabda səyahət boyu baş çəkilən yerlər əsərin əsas qəhrəmanlarından olan Ceyin dilindən elə dəqiqliklə təsvir edilir ki, oxuyarkən "Bu povestdir, yoxsa bələdçi kitabı?" - deyə düşünməmək əldə deyil. Temza çayında Kinqston və Oksford arasında qayıq ilə səyahətə çıxan üç dost - Cey, Corc və Harris və Monmorensi adlı itin yol sərgüzəştləri, səyahət boyu üzləşdikləri maraqlı hadisələrin üzünüzdə təbəssüm doğuracağından əmin ola bilərsiniz. Onu da nəzərinizə çatdırım ki, povest dünyanın müxtəlif dillərində olduqca geniş oxucu kütləsi qazanıb.

Kitab ilk dəfə olaraq orijinalından dilimizə Teas Press Nəşriyyat evində tərcümə olunub. Gənc illüstratorumuz Ruhulla Həsənzadənin çəkdiyi illüstrasiyalar kitabı daha da cəlbedici edir. Kitab "Üç alma" əmtəə nişanı çap olunub oxucuların ixtiyarına verilib.

Əgər siz də X.Manuelin "Ağıllı o adamdır ki, başqalarının müdrikliyindən və təcrübəsindən öyrənir" - fikri ilə razılaşırsınızsa o zaman kitab oxumaqdan heç bir zaman imtina etməyin, xüsusilə də "Qayıqda üç kişi" kitabını!