Səbət
Ara toplam: 0.00 ₼

“3 alma” kitabları ən yaxşı bayram hədiyyəsi oldu!

30.03.2016

Xalqımızın tarixi kökləri ilə bağlı olan, milli adət-ənənələrlə zəngin Novruz bayramı həm də ölkəmizdə baharın gəlişinin müjdəçisidir. Bu münasibətlə 20-21 mart tarixində İçərişəhərdə "Novruz-Bahar festivalı" keçirildi. Festival günlərində Qoşa Qala Qapısı meydanında "Meydan bazarı" təşkil olundu.

Meydan bazarında TEAS Press Nəşriyyat evi, o cümlədən "3 alma" uşaq nəşrləri bölməsi də bir-birindən maraqlı kitablarının sərgi-satışını həyata keçirdi.

Kitablarımız festivalda iştirak edən yerli sakinlər və xarici turistlər tərəfindən böyük maraqla qarşılandı. Yeni nəşr olunmuş kitablarımızdan "Dədə Qorqud hekayələri" oxucuların daha çox diqqətini cəlb etdi və ən çox satılan kitablar arasında birinci oldu. Bundan başqa, gənc valideynlər azyaşlı övladlarının həm əylənib, həm də maariflənməsi üçün oyuncaq kitablarımıza üstünlük verərək onlara "Bax gör mən harda yaşayıram" kitabını, axşamlar əyləncəli şəkildə yatmağa üstünlük verən valideynlər isə "Hər kəs əsnəyir" kitabını seçdilər. Məktəbli oğlan və qızlarımız isə seçim qarşısında çox "aciz" qalmışdılar. Bir-birindən maraqlı kitablarımız onların seçimini çətinləşdirirdi. Bununla belə, elmi kitablarla maraqlananlar, daha dəqiq desək, biologiya və coğrafiya elmi ilə maraqlananlar "Qida zəncirləri və şəbəkələri" seriyası, "Böyük pişiklər" seriyası, "Yerin relyefini öyrənirik" seriyası, kiçik filosoflar "Biləndər uşaq" kitabını, yeni oxumağa başlayan şirin qızlarımız "Sevimli Sevinc" seriyası, klassik əsər sevərlər isə "Mənim ilk klassik əsərim" seriyasından olan kitablardan seçdilər.

 

Bundan başqa, maraqlı məqamlardan biri də o oldu ki, Cənubi Azərbaycandan gəlmiş həmvətənlərimiz də öz övladlarına bayram hədiyyəsi olaraq "3 alma" kitablarını seçdilər: "Qızım orda məktəbdə fars dilində təhsil alır. Amma o, ana dilində oxumağı çox sevir. Qızımın bu sevgisini daim yaşatması üçün ona söz vermişəm ki, Azərbaycan dilində kitablardan ibarət böyük bir kitabxana yaradacağam."

"3 alma" kitablarını əldə edən balaca oxucularımızın hər biri öz sevinclərini bizimlə paylaşdılar.

Uğurlu keçən iki günlük bayram yarmarkasından ən gözəl görüntüləri sizə təqdim edirik.

Təşəkkürlər hər birinizə!