Səbət
Ara toplam: 0.00 ₼

“3 alma” yerli yazarlar, illüstratorlar, psixoloqlar və müəllimlər üçün 3 günlük seminar təşkil edir

27.07.2021

“Relate, Connect, Create” layihəsi çərçivəsində təşkil olunan seminarın məqsədi mədəni əməkdaşlıq, müasir uşaq ədəbiyyatının təhlili, bu təhlilin meyarları, kitablar vasitəsilə uşaqlarda oxu vərdişinin aşılanması, kitablarda inklüziv dəyərlərin təbliği və s. bu kimi mövzular ətrafında müzakirə aparmaqdır. Seminarın aparıcısı Sonja Matheson – “Baobab Books” nəşriyyatının İcraçı direktoru, eyni zamanda da İsveçrədə uşaq kitabları üzrə beynəlxalq təcrübəyə malik naşirdir. 

Seminarda “3 alma” ilə əməkdaşlıq edən yazarlar, illüstratorlar, psixoloqlar və pedaqoqlar iştirak edib. Onların arasında uşaqların sevimli yazarları Reyhan Yusifqızı, Kamran Salayev, Mürşüd İsmayılzadə, Nərmin Mahmudova, Sevinc Nuruqızı, Xülya Cəfərova, Orxan Adıgözəl, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri, eləcə də “Xarıbülbülün nağılı” kitabının müəllifi Aybəniz İsmayılova, gənc illüstratorlardan Səbinə Vəzirova, Nuranə Tahirova, İcma Əsaslı Məktəbəqədər Təhsil layihəsinin rəhbəri İlahə Rəsulova və layihənin PR və Marketinq şöbəsinin müdiri İsmayıl İsmayılov, ADPU-nun prorektoru Könül Pirverdiyeva da var idi. Tədbirə həm fiziki, həm də online qatılan qonaqlar seminardan çox məmnun qaldıqlarını bildiriblər.

Seminar zamanı İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) maliyyə dəstəyi ilə “Relate, Connect, Create” layihəsi çərçivəsində hazırlanmış audio-kitabın təqdimatı da keçirilib. Qeyd edək ki, sözü gedən layihənin rəhbəri təhsil eksperti, psixologiya üzrə fəlsəfə doktoru Elmina Kazımzadədir. “3 alma”nın ilk audio-kitab layihəsi bir çox beynəlxalq mükafatların qalibi, İranlı yazıçı Reza Dalvandın həm müəllifi, həm də illüstratoru olduğu “Qaraltı” adlı nağıl əsasında hazırlanıb. “3 alma” İnklüziv təhsilə töhfə olaraq silsilə kitablar nəşr edir. Reza Dalvandın “Qaraltı” əsərinin audio-kitab kimi səsləndirilməsi də bu silsilənin davamıdır. Nağıla baxmaq istəyənlər bu linkə keçid edə bilərlər.

https://www.youtube.com/watch?v=ntalrNtO5gw

Tədbirdə iştirak edən bütün qonaqlara ayrı-ayrılıqda təşəkkür edir, dəvətimizi qəbul edib gəldiklərinə görə minnətdarlığımızı bildiririk.