Səbət
Ara toplam: 0.00 ₼

Öyrənməkdən, sual verməkdən uzaq düşən uşaqların gələcəyi – Yalçın İslamzadə yazır...

22.06.2018

Uşaqlara yanaşmamıza klişelər hakimdir: "uşaqlar dəcəl və şıltaqdırlar", bir uşaqla dialoqumuza "gözəl bala" müraciəti ilə başlayıb, ardınca nə deyəcəyimizi bilmirik. Güman ki, uşaqlara xitab edən hər hansı məhsul ya da xidmət obyektinin adı kimi "Cırtdan", ilk ağla gələn ehtimaldır. "Susmaq qızıldır", "böyüyün yanında danışmazlar", "böyüyəndə bilərsən", "sakit dur", "əl vurma sındırarsan"-təbii hərəkət impulsuna sahib olan və təbii maraq duyğusu ilə suallar soruşan uşaqları "neytrallaşdırmaq" üçün düşünülmüş "təlim-tərbiyə üsulu"dur. Uşaqlara nağıllar danışır, həm də böyüdükdə bu nağıllara inanmamalarını istəyirik.
Bu yanaşmada qapalı dövrə yaradan gizli bir alqoritm mövcuddur: uşaq yaşlarından sual verməkdən çəkindirilən, maraq duyğusuna müsbət reaksiya verilməyən, motor bacarıqları məhdudlaşdırılan uşaqlar böyüyürlər və onlara göstərilmiş münasibəti öz uşaqlarına göstərirlər. Böyüklərin konstruktiv dialoq qurmadığı uşaq böyüdükdə, o da uşaqlarla dialoq qurmaqda çətinlik çəkir. Bu münasibət isə böyüyənə qədər onları düşünməkdən, öyrənməkdən, sual verməkdən uzaq saxlamaqdır (Auditoriya qarşısında çıxış etmiş bir çox şəxs, yetkin dinləyicilərin sual verməyə çəkindiklərini təsdiq edər). Güman ki, bu prosesdə böyüklərin hazırlıqsızlığı, maraq və mütaliə dairələrinin çox geniş olmaması və bilmədiyi suallar qarşısında özlərini "sındırmaq istəməmələri" də rol oynayır.

 

Jan Piajeyə görə 7-11 yaş arası konseptlər haqqında abstrakt təfəkkürün formalaşmağa başladığı perioddur. 11 yaşdan yetkinlik yaşına qədər keçən, rasional düşünmənin formalaşdığı dövrdə, bu ön hazırlıq çox vacibdir. Nəzəriyyəsi son dövrlərdə populyarlıq qazanan Vıqotski isə düşüncənin formalaşmasında dil və mühitin əhəmiyyətini vurğulayır. Demək olar ki, bu iki nəzəriyyə məşhur təbiət/mühit mübahisəsini tamamlayır.
Dildən istifadə bacarığı təkcə şeirlə əldə edilməz. Fəlsəfə, düsturlarla ifadə oluna bilməyən, müzakirə və mübahisəyə açıq mövzularda anlamaq və ifadə etmək, sual vermək, arqumentlər və əks-arqumentlər formalaşdırmaq üçün ən uyğun disiplindir.  

Nuran Direk stajlı fəlsəfə müəllimi, Türkiyə Fəlsəfə Kurumu Uşaqlar üçün Fəlsəfə Bölməsi rəhbəri və Beynəlxalq Uşaq Fəlsəfə Olimpiadasının qurucularındandır. Tanınmış fəlsəfəçi İonana Kuçuradinin tövsiyyəsi ilə uzun illərdir ki uşaqlara fəlsəfə öyrətmə mövzusunu araşdırır. "Uşaqlar fəlsəfə ilə məşğul olsunlar. Ailələri onları danışmağa təşviq etsinlər və həqiqətən onlara qulaq assınlar. Nəsihət eşitmək heç kimin xoşuna gəlmir, uşaqların da. Onlara doğrunu, yaxşını diktə etmək əvəzinə uşağın sual-cavabla, sorğu-sual edərək doğrunun, yaxşının nə olduğunu tapmasına şərait yaratmaq lazımdır."

"3alma"nın ana dilimizə tərcümə edərək nəşr etdiyi Nuran Direkin "Biləndər uşaq", "Filosof uşaq", "Uşaqlarla fəlsəfə" kitabları qeyd olunan mövzuda olan boşluğu doldurmaq baxımdan faydalı kitablardan hesab oluna bilər.

"Uşaqlarla fəlsəfə" kitabında "Tənqidi düşünmə" haqqında ilkin məlumatlar verilir, təhlil və sorğu-suallar nəticəsində tanınmış filosofların, mif və nağılların mətnləri ümumiləşdirmə və özünü qiymətləndirmə tapşırıqları ilə yekunlaşaraq növbəti müzakirəyə keçilir.

"Filosof uşaq" kitabı hekayələr və sual-cavablar vasitəsiylə həqiqət-görüntü, doğru-səhv, yaxşı-pis kimi fəlsəfi kateqoriyaları müzakirə edir. "Azad olmaq, yoxsa olmamaq?" fəsli, misal üçün, "Azad olmaq istədiyini edə bilməkdirmi? Nələri etmək və ya etməmək bizim əlimizdədir? Məcburiyyətlərimiz azadlığımızı məhdudlaşdırırmı? Nə vaxt doğru olanı seçirik?" kimi sualların müzakirə edildiyi, hər fəslin sonunda "Nə düşünürsünüz?" sualı və "Azad olmaq öz əlimizdədir" (Epiktet) və "İnsanlar azad olduqlarını zənn edərək yanılırlar" (Spinoza) kimi iki əks fikri, qrup yaradaraq müzakirə etməyi təklif edir.

"Biləndər uşaq" kitabı isə daha çox elmi fəaliyyətin və düşüncənin uşaqlara çatdırılması məqsədi ilə yazılıb. İllüstrasiyalar, böyük alim və filosofların əsərlərindən sitatlar, müxtəlif elm sahələrindən nümunələrlə maraq, düşüncə, ehtimallar, alim kimi düşünmənin şərtləri izah edilir.

Uşaqlara böyüdükdə həqiqət olmadığını aşılayacağımız, nağıllar vasitəsiylə təqdim etdiyimiz dünya əvəzinə, elmi və fəlsəfi yanaşmaya alışdırmaq, bu düşüncəni daima, kiçiklikdən böyüklüyə qədər inkişaf etdirmək daha effektiv olar. 21-ci əsr bacarıqları arasında sayılan "kritik düşüncə" (kritik burada sırf tənqidi deyil, analitik mənada istifadə edilir) vərdişinin aşılanması onları gələcəyin mürəkkəb dünyasına hazırlamaq üçün olduqca vacibdir. Bu kitablar isə, sadəcə uşaqların yay tətillərini mənalı keçirmələrinə yox, həm də onları uşaqlarla birlikdə oxuyacaq böyüklərə də faydalı olacaq.