Səbət
Ara toplam: 0.00 ₼

Ad günü tacı

07.06.2017

"3 alma" nəşriyyatının uşaqlar üçün çap etdiyi daha bir maraqlı kitab Britaniya Kraliçası II Yelizavetanın 90 illik yubileyi münasibətilə yazılan "Ad günü tacı" kitabıdır. Uşaqlar bu hekayəni maraqla oxuyacaqlar. Çünki, nəşriyyatın digər kitablarında olduğu kimi, burada da rəngarənglik göz oxşayır. Kitabın daha bir üstünlüyü odur ki, səhifələr cizgi filmi effekti yaradır. İllüstrator Kate Sleyterin yaratdığı obrazlar və cəlbedici rəsmlər yüksək keyfiyyətli 3 ölçülü kollaj texnikası ilə hazırlanıb. Rəssam illüstrasiyalara elə effekt verir ki, ilk baxışda qəhrəmanların həcmli maketi kimi görünür. Bu effektlər həmçinin personajların canlı kimi görünməyinə səbəb olur və hekayəni daha da maraqlı edir. Hekayədəki hadisələr Bukingem sarayında baş verir. Kitabın süjet xəttini kraliçanın yubileyi günündə hansı tacı taxacağı təşkil edir. Ən sonda kraliçanın qərarı oxucular üçün gözlənilməz sürprizdir. Hekayə sarayda möhtəşəm ad günü mərasiminə hazırlıqlarla başlayır. Bu təntənəli gündə özünə tac seçə bilməyən kraliça bütün tacları bir-bir yoxlayır. Lakin onun istədiyi bu taclar arasında deyildi. Zərgər, hədiyyə taciri , tərəvəzsatan, bağban, arıçı, quşçu, mehtər, şokolad ustası, qəndil ustaları müxtəlif dizaynlı tacları kraliçaya hədiyyə göndərirlər. Lakin kraliça bu tacları bəyənsə də, hərəsində bir çatışmazlıq olduğunu görür. Onların heç biri bu möhtəşəm gün üçün uyğun deyil. Hekayənin sonunda onun hansı tacı seçməsi hamı üçün gözlənilməz olur. Burada müəllifin uşaqlara çatdırmaq istədiyi əsas məqsəd ən gözəl seçimin sadəlik olmasıdır! Yəni bir əşyanın dəyəri onun bahalığı, qiyməti ilə yox, mənəvi dəyərindən, hansı məqsədlə hazırlanmasından ibarətdir. Çünki bəzən ən adi hesab etdiyimiz əşya da qiymətli ola bilər. Devid Kalinin Britaniya Kraliçası II Yelizavetanın 90 illik yubileyi münasibətilə yazdığı bu kiçik hekayə həm tərbiyəvi məzmunu, həm də qeyri-adi, 3 ölçülü kollajla hazırlanmış illüstrasiyaları ilə balaca oxucuların marağına səbəb olacaq.

Süsən Hüseynova